Kəlbəcərdə 17 maşın mina basdırmışıq - Erməni polkovnikdən etiraf

18:08 07.06.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Kəlbəcər rayonu ərazisində düşmənin basdırdığı tank əleyhinə minanın partlamasından ikisi media təmsilçisi olmaqla, 3 nəfərin şəhid olması, 4 nəfərin isə yaralanması ilə nəticələnən hadisə yenidən ermənilər tərəfindən minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi məsələsini gündəmə gətirib. Ermənistan rəhbərliyinin ayrı-ayrı təmsilçiləri bu cür xəritələrin olmadığını iddia etsə də, keçmiş erməni hərbçilərinin etirafları başqa məqamlardan xəbər verir. 

Hafta.az-ın məlumatına görə, erməni polkovnik Koryun Qumaşyan Azərbaycan ərazilərində minalanmış sahələrin xəritəsinin olduğunu etiraf edib. Hafta.az bu barədə erməni KİV-ə istinadən məlumat verir. Polkovnik özünün və tabeliyindəki əsgərlərin Laçın və Kəlbəcərə 17 yük maşını mina tədarük etdiyini bildirib. O, Azərbaycanda saxlananların qaytarılacağı təqdirdə mina xəritələrini verəcəyini deyib.

Erməni terrorçunun sözlərinə görə, Kəlbəcər və Laçın rayonu ərazisində 1993-cü illərdə basdırılan minaların xəritələri ancaq onda var: "1993-cü ildə bu ərazilər minalandı. Bu prosesi həmin vaxt Ermənistan baş qərargah rəisi olan general Norat Ter-Qriqoryanın əmiri ilə həyata keçirtmişəm. Həmin vaxt prezident Ter-Petrosyanın əmiri ilə Kəlbəcər Azərbaycana qaytarılmalı idi. İyulda yazılı əmr verildi ki, həmin ərazilərdə sərhədləri qurmağa başlayaq. Getdik və 17 Kamaz minanı 500-600 hektar ərazidə basdırdıq".

Qumaşyan Azərbaycan və Rusiyaya meydan oxuyarcasına "şərt" irəli sürməyi də unutmayıb: "Məndən başqa heç kim bu xəritələri verə bilməz. Sergey Lavrov gəldi, sanki razılaşdılar ki, xəritələri qarşı tərəfə verəcəklər. Mən razılaşmadım. Azərbaycan əsirlərimizi qaytarsa, xəritələri verərəm".

Erməni terrorçu öz əməlini şişirtmək üçün bu ərazilərin minalardan təmizlənməsinin qeyri-mümkün olduğunu da iddia edib: "Biz çox ağıllı şəkildə həmin ərazilərin minalanmasını həyata keçirmişik. İngiltərədən, Rusiyadan mütəxəssislər gətirsələr də, bu alınmayacaq. Elə yerlər var ki, zəncirvari minalar basdırılıb".

Erməni polkovnikin sözlərinə görə, xəritələr tək onda olduğu üçün, hətta keçmiş illərdə Kəlbəcərdə Ermənistandan olan işğalçıların özləri belə minaya düşərək partlayırdılar: "Onlar ya qızıl axtarırdılar, ya da ova gəlmişdilər, hətta aralarında rəsmi şəxslərin olduğu da deyilirdi. Biz yerli orqanlara həmin ərazilərə getməmələri ilə bağlı xəbərdarlıq edirdik". Erməni terrorçunun açıqlamalarında diqqətçəkən ən maraqlı məqam minaların qızıl yataqları ərazisində basdırıldığına işarə etməsidir.

Bu açıqlamalarla bağlı əsas sual budur - Qumaşyanın söylədikləri nə dərəcədə doğrudur? Hekayəni qəribə edən məqam isə budur ki, həmin illərdə Kəlbəcərdə qızıl yataqlarını vəhşicəsinə talayan Koçaryan-Sarkisyan cütlüyü Kəlbəcərdə onların əsas gəlir yeri olan bu yataqların yerləşdiyi ərazidə belə bir ölü zonanın olmasına necə icazə veriblər?  

Digər tərəfdən, 1-ci Qarabağ savaşında yaşanan xaos hamıya bəllidir. Ermənistan prezidentinin ərazilərin qaytarılması ilə bağlı planlarından xəbərdar olan hərbi rəhbərliyin tabeliyində olanlara  gizli şəkildə Kəlbəcər ərazisini minalamağı tapşırması da inandırıcı ehtimaldır. Bu işdən xəbərləri olanlar öləndən sonra isə xəritə sadəcə bir nəfərdə qalıb. 

Rusiyalı hərbi ekspert Oleq Kuznetsovun sözlərinə görə,  Qumaşyanın anlatdıqları real ola bilər. Bu heç də işğalçının şantajı ilə razılaşmaq anlamına gəlməməlidir:

"Söylənənlərin nə dərəcədə doğru olub-olmadığı həm də, Qumaşyanın həmin vaxt hansı vəzifədə çalışması ilə bağlıdır. Əgər o, ordu korpusunun mühəndis birliyinin rəhbəri idisə xəritənin tək onda olması ehtimalı mümkündür. Minaların basdırılması yolu ilə mühəndis-istehkam işlərinin aparıldığı təchizat rayonlarında bu cür xəritələr ya batalyonun qərargah rəisində, ya da briqadanın mühəndis birliyinin rəhbərində olurdu. Müharibədən sonrakı dövrdə reallaşdırılmalı olan bu cür məsələlərdən öz şəxsi məqsədləri üçün istifadəyə çalışan Ermənistan hərbi qulluqçularının bu cür bəyanatları ilk növbədə erməni ordusunun qalıqları üzərində idarəetmənin tamamilə itirildiyini göstərir. İstisna deyil ki, digər qərargah sənədləri də ayrı-ayrı hərbi hissələr və birləşmələrin zabitlərindədir. Erməni ordusu Kəlbəcər və Laçından çıxanda sənədləri yox, daha çox maddi dəyəri olan əşyaların çıxarılmasına səy göstərirdi.  Məndə olan məlumata görə, bir çox sənədlər tullanılıb. Bu baxımdan indiki polkovnik kimi daha kimlərsə mina xəritələrini özünə götürə bilərdi.

Azərbaycan tərəfi erməni polkovnik tərəfindən təxribat və ya yerli reallıqla əlaqəsi olmayan xəritələr verə biləcəyini də istisna etməməlidir. Ən yaxşısı, onun real xəritə olub-olmadığını araşdırmaq üçün mina xəritəsinin onda birini tələb etməkdir. Mina xəritələri çox dəqiq hazırlanır - 1 santimetrdə 200, və ya 500 metr miqyasda işlənilir. Qumaşyan həqiqəti söyləyirsə, onda kartoqrafik xəritələrin böyük qovluğu olmalıdır. Hansı ki, bir xəritəni bir nəfərə dəyişmək imkanı verir. Başqa cür dəyişmə  təsəvvür edə bilmirəm".

Bir məqama da diqqət yetirmək gərəkdir. Əgər Ermənistan hakimiyyəti xəritələrin verilməsi ilə bağlı bir polkovnikə öz iradəsini yeritmək iqtidarında deyilsə, onda sərhəddəki erməni birləşmələri tərəfindən hər an təxribatların törədilməsi ehtimalı yüksək olaraq qalır. Erməni polkovnikin bu "etirafları" Ermənistan hakimiyyətinin növbəti hiyləsi də ola bilər. Əlində xəritələrin olmadığını əsas gətirərək məsuliyyəti öz boynundan atır və mina xəritələrinin qaytarılması ilə bağlı Azərbaycanın haqlı tələbi səbəbindən üzləşdiyi təzyiqlərdən yan keçməyə çalışır. İstənilən halda, bu etiraf bir daha ermənilərin heç bir müharibə qaydalarına riayət etmədiyini, insan həyatı kimi müqəddəs anlayışların onların dəyərlərində yerinin olmadığını göstərir.

Bu arada Baş Prokurorluq 4 iyun 2021-ci il tarixdə media və dövlət qurumlarının əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin  Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşməsi faktı ilə bağlı yeni məlumat yayıb. Qeyd edək ki,  Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 3 nəfərin ölməsi və 4 nəfərin xəsarət alması ilə nəticələnmiş həmin hadisə ilə əlaqədar cinayət işi açıb.

Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır. Baş Prokurorluq hadisənin baş vermə səbəbləri və mexanizmi barədə aşağıdakıları qeyd edir:

"Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir.

Hadisə yerinə mütəxəssislərin iştirakı ilə keçirilmiş baxış zamanı 240 x 230 sm ölçülərində 97 sm dərinliyində çuxur və 1 ədəd tam yararsız hala düşmüş “Kamaz” markalı sərnişin avtomobili aşkar olunub.

Hadisənin baş vermə səbəblərinə gəldikdə isə partlayış sahəsinin ölçülərinə və partlayış yerinin görünüşünə görə 60-97 sm dərinliyində basdırılmış tank əleyhinə 1 ədəd mina olub. Partlayış yerində minanın heç bir qalığının aşkar olunmaması ilə müəyyən edilir ki, partlayış zamanı istifadə olunan mina plastmas, parça və ya korpussuz tipli tank əleyhinə minaya aid olub, fuqas (zirehdələn) tipli, tank və zirehli texnikaların tırtılına qarşı istifadə olunmaqla yollarda və texnikaların hərəkət edə biləcəyi yerlərdə qurulması üçün nəzərdə tutulub.

Partlamış minanın tank əleyhinə TM-62P2, TM-62P3, TM-62T və ya TM-62B tipli (eyni qrupa daxil olan) mina olması və üzərindən avtobusun keçməsi nəticəsində minanın işə düşməsi (partlaması) ehtimal olunur. Həmçinin müəyyən edilib ki, erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər, Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar. Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir".